M.A.P. haqqında
Bakı Beynəlxalq Teatr Festivalı
“Teatr, qəlbimizin dumanlı, anlaşılmaz duyğular şəklində hiss etdiyi hər bir şeyi bizi heyrətləndirən, təmtəraqlı ibarələr və parlaq obrazlar ilə təqdim edir”
Fridrix Şiller
Ola bilsin ki, bizim aylarla teatr afişasından məlumatımız yoxdur… Ya da əksinə, özümüzü premyeraya necə çatdırmaq, gərgin iş qrafikindən bir neçə saat ayırmağı götür-qoy etməklə, uzun müddət öz teatr səfərimizi planlaşdırırıq. Zaman uçur, günlər bizdən qum saatının dənəcikləri kimi uzaqlaşır… Biz isə hər şeyi sonraya saxlayırıq, daim gecikirik, çatdırmırıq…
Bəziləri özlərini belə fikirlərlə sakitləşdirirlər: “biz qeyri-teatr dövründə yaşayırıq” və ya “bütün aktual problemlərin cavablarını müəllif filmləri və mənəvi praktikalarda axtarmalıyıq”.
Builki M.A.P. festivalında iştirak edən kollektivlər, bu iddianı təkzib edirlər. Seçdiyimiz tamaşaların hər biri, psixoloji teatrın və baxımlı şounun ən gözəl ənənələrini, bizim dünyagörüşümüzü büsbütün dəyişən yüksək aktyorluq sənətini və səhnəqrafiyanı özündə birləşdirir.
Teatr, həmişə həqiqi möcüzənin baş verdiyi xüsusi məkan olub və qalmaqda davam edir. Bu isə xüsusi olaraq, interaktivlik prinsipləri və yüksək texnologiyalar üzərində qurulmuş, forma və məzmun baxımından mürəkkəb sintezli müasir teatr üçün daha aktualdır. Belə teatr, böyük şəhərlərdə reallığı və coşqun yaşayış ritmini tam ölçüdə əks etdirir. O, insanın zehni və qəlbini riqqətə gətirir, onun özünü və öz dövrünü daha yaxşı dərk etməsinə kömək edir. Bu teatr dili həm ən böyük teatr həvəskarları, həm də təcrübəsiz tamaşaçılar üçün bərabər dərəcədə aydın və başa düşüləndir.
M.A.P. festivalını təşkil etməkdə başlıca məqsədimiz bu gün dünyanın hər yerində tamaşaçıları həyəcanlandıran yeni və maraqlı nə varsa, onların hamısını Azərbaycan səhnəsinə gətirmək, çağdaş teatr həyatımızda təsdiqlənməsinə çalışmaqdır.
Builki festivalda parlaq və yaddaqalan, beynəlxalq baxışların mükafatlarına layiq görülmüş tamaşalar nümayiş olunacaq, habelə, çoxsaylı mühazirələr və ustad dərsləri keçiriləcək.
Biz səmimi qəlbdən inanırıq ki, festivalımız sizə çox güclü və dərin emosiyalar bəxş etməklə yanaşı, Bakı üçün ənənəvi bir hadisəyə çevriləcək və hər bir tədbir hələ uzun müddət müzakirə olunacaq.
Mənim üçün teatr həmişə öyrənməyə çalışdığım ecazkar bir məkan olub. Bura aktyor və tamaşaçının birlikdə yaşadığı, bir-birini dərindən hiss etdiyi və hər birinin öz yolunu seçdiyi yerdir. Bəzən mənim teatrım səhnədəki aktyorların sehrli qüvvələrini oyatmaq üçün ziddiyyətli və mübaliğəli ola bilər. Mənim üçün ideal teatr – Yeji Qrotovski, Antonen Arto və Mixail Çexovun ənənələrini daşıyan, aktyor işinin psixofiziki prosesinin və sənətçilərin daxili enerjiləri ilə işləmək qabiliyyətinin inkişaf etdirilməsinə yönəlmiş teatrdır.
Sərhədsiz teatr – mən M.A.P. Festivalının konsepsiyasına bununla töhfə vermək istəyirəm. Bu, “teatr körpüsü”nün köməyi ilə sərhədləri aradan qaldıran, mədəniyyətləri birləşdirən və bir-birini qarşılıqlı hiss edən insanları bir araya gətirən festivaldır.
Biz teatr istiqamətləri arasındakı sərhədləri silərək klounadadan və fiziki teatrdan opera, balet və audiovizual ifalara qədər teatr sənətinin bütün növlərini əhatə edən, fərqli parlaq rənglərdən ibarət festival palitrasını nümayiş etdirmək istəyirik. Biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək istəyirik.
M.A.P. Festivalının əsas məqsədi sizə sevimli teatr janrınızı seçmək imkanı verməkdir.
Bakı gözəl infrastrukturu, çoxsaylı teatr və muzeyləri, park və bulvarları ilə festivalımızın baş qəhrəmanı olmağa layiqdir.
Mən əminəm ki, teatr cəmiyyətin ruhu və aynasıdır! Mən “teatral millət” anlayışı ilə qəti şəkildə razı deyiləm. Teatr ümumbəşər hadisədir, sintetik dilə malikdir və hər xalqa xitab edir. Bizim teatr irsimizə gəldikdə isə, bu, əsrlərin dərinliyinə uzanan köklərə malik ənənəvi meydan teatrıdır. Bu ənənələri hələ də Novruz bayramında yada salırıq.
Biz dünyaya opera sənətinin xüsusi istiqamətini – muğamı bəxş etmişik və bununla teatr aləminə öz töhfəmizi verib onu zənginləşdirmişik. Biz teatrı sevirik, onu anlayırıq. Teatra getməyimizlə və teatr həyatında iştirak etməyimizlə ona dəstək olmaq vaxtı gəlib çatıb. Siz teatrı sevə bilərsiniz, ona nifrət də edə bilərsiniz, lakin heç vaxt ona qarşı laqeyd qalmayın.
YARAT Müasir İncəsənət Məkanına və şəxsən Aida xanım Mahmudovaya, öz biliklərimi və təcrübəmi Azərbaycan tamaşaçısına ötürmək imkanına görə çox minnətdaram.
М.А.Р. sizin teatr bayramınızdır. Xoş gəlmisiniz!